IQNA

2023-cü il – Fələstin tarixinin ən qanlı ili

10:22 - January 01, 2024
Xəbər sayı: 3495219
IQNA - Qəzza sektou və işğal altındakı İordan çayının Qərb sahili də daxil olmaqla Fələstin torpaqlarında bu il İsrail qüvvələri tərəfində qətlə yetirilən dinc sakinlərin sayı 1948-ci ildən indiyədək qeydə alınmış ən qanlı il olub.

Fələstin Mərkəzi Statistika Xidməti 2023-cü ilin əhali, ölüm və həbsinə dair məlumatları dərc edib.

Bildirilib ki, Fələstində cari ildə 22 404 günahsız insan, təkcə 7 oktyabrdan bəri isə 22 121 nəfər İsrail qüvvələri tərəfindən qətlə yetirilib.

İsrail hücumlarının başladığı 7 oktyabrdan sonrakı ölümlərin 98%-i Qəzza sektorunda qeydə alınıb ki, onların 9 min nəfərini uşaqlar, 6 450 nəfərini isə qadınlar təşkil edir. Eyni müddət ərzində Qərb sahilində isə 111-i uşaq və 4-ü qadın olmaqla 319 fələstinli qətlə yetirilib.

Qəzzanın bombardmanı səbəbilə təxminən 1,9 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb. 2023-cü ildə Qəzza əhalisinin sayı isə 2,3 milyon nəfərə çatıb – 1,06 milyon 18 yaşadək olan uşaqlardır. İsrail hücumlarında öldürülənlərin 40%-ni uşaqlar, 30%-ni qadınlar təşkil edir.

2023-cü ilin rəqəmlərinə əsasən, Nəqbə günündən – 1948-ci ildə İsrailin qurulduğu gündən bu günədək ən çox fələstinli bu il qətlə yetirilib.

Nəqbə günündə isə Fələstin xalqına aid 774 kənd və qəsəbəni işğal edən İsrail qüvvələri fələstinlilərə qarşı 70 qətliam törədib və təxminən 15 min günahsız insanı da qətlə yetirib.

İsrail 2023-cə 7 800 fələstinlini həbs edib

İsrail qüvvələri 2023-cü ildə fələstinlilərə qarşı həbs dalğasını da artırıb. Fələstin Əsirlər Cəmiyyətinin statistikasına görə, 2023-cü ildə 4 820-si 7 oktyabrdan sonra olmaqla ümumilikdə 7 800 fələstinlini tutub. İdari həbslərin sayı isə 2 870-ə çatıb.

Bütün dünyadakı fələstinlilərin sayı 14 milyonu keçib

İl sonuna əsasən, dünyadakı fələstinlilərin sayı 14,63 milyona çatıb. Onların 5,55 milyon nəfəri Fələstin dövləti daxilində yaşasa da, 1,75 milyonu İsrail daxilində, 6,56 milyonu ərəb ölkələrində və təxminən 772 mini xarici ölkələrdə yaşamaqdadır.

Hesabata əassən, Fələstindəki (Qərb sahili və Qəzzadakı) əhalinni 16%-ni 0-5 aralığında şəxslər, 44%-ni 18 yaşadək olanlar, 65 faizini isə 30 yaşa qədər olan insanlar təşkil edir. 65 yaşdan yuxarı olanların say isə 4% təşkil edir.

Həmçinin qeyd edək ki, 7 oktyabrdan bəri İsrail hücumları nəticəsində 56 451 nəfər dinc fələstinli yaralanıb, minlərlə günahsız qəzzalı isə itkin düşüb. Onların da mütləq əksəriyyətini qadınlar və uşaqlar təşkil edir.

Qəzzada hər 10 dəqiqədə 1 fələstinli uşaq İsrail hücumları nəticəsində həyatını itirir. Bütöv-bütöv ailələr qətlə yetirilir, minlərlə uşaqlar yetim qalır.

İsrail ordusu elektrik, su, yanacaq, internet və ərzaq təminatı yollarının qarşısını kəsərək havadan, qurudan və dənizdən Qəzzanı blokadada saxlayır və zərbələr endirir; beynəlxalq hüquqa zidd olaraq xəstəxanalar, məktəblər, sığınacaqlar, məscidlər bombalanır.

captcha