IQNA

Quran Surələri /21

Quranda dinlərin həqiqi ardıcıllarının vəsfi: Vahid Ümmət

8:26 - August 02, 2022
Xəbər sayı: 3492653
"Ənbiya" surəsində bütün peyğəmbərlərin eyni yolda və eyni məqsədlə getdikləri və onların ardıcıllarının düşmənləri olsa da belə bütün bir ümmət şəklində olduqlarını qeyd etmək üçün 16 ilahi peyğəmbərin tarixi bəyan edilmişdir.

Quranda dinlərin həqiqi ardıcıllarının vəsfi: Vahid Ümmət“Ənbiya” surəsi Quranın iyirmi birinci və Məkkə surələrindən biridir, 112 ayədən ibarətdir. 17-ci cüzdə qərar tutub. İslam Peyğəmbərinə (s) Mədinəyə hicrət etməsindən az əvvəl nazil olan yetmiş üçüncü surədir.

Bu surənin 48-90-cı ayələrində 16 peyğəmbərin adı çəkilmişdir. Həmçinin İslam Peyğəmbəri (s) və İsa (ə) haqqında adları çəkilmədən bəhs edilir. Bu səbəbdən də bu surəyə “Peyğəmbərlər” adını vermişlər. Bu surə İslam Peyğəmbərinin (s) Mədinəyə hicrət etməsindən bir qədər əvvəl nazil olmuşdur. Məkkə əhalisinin Peyğəmbərə (s) və Qurana qarşı təkəbbür və etinasızlığının zirvə nöqtəsinə çıxdığı dövrdə nazil olmuşdur. Buna görə də bu surədə kafir və müşriklərin rəftarının nəticəsi vəsf edilmişdir ki, bu da şiddətli ilahi əzabdan başqa bir şey deyildir.

Bu surənin ümumi məzmunu iki hissədən ibarətdir: inanclar və tarixi hekayələr. Etiqad bölməsində bu surənin məqsədi insanları qiyamətə, vəhyə və risalətə etinasızlıqlarından xəbərdar etməkdir. Tarixi əhvalatlar bölməsində xalqın peyğəmbərlərin göstəriş və öyüd-nəsihətlərinə diqqətsizliyindən, bunun ziyan və zərər ilə nəticələndiyini qeyd etmişdir. Bütün peyğəmbərlərin qarşılaşdığı ümumi davranışlar arasında diqqətdən kənarda qalma və onlara istehza edilməsidir.

İslam Peyğəmbərinin əleyhdarlarına xəbərdarlıq etdikdən sonra bu surədə Həzrət Musa (ə) və Harunun (ə) hekayəti ilə yanaşı, Həzrət İbrahimin (ə) hekayətindən, daha sonra isə Lut (ə) və Nuh (ə) peyğəmbərlərin əhvalatlarından bəhs edilir. Həmçinin Davud (ə), Süleyman (ə), Əyyub (ə), İsmayıl (ə), İdris (ə) və Zülkefl (ə), Zün-Nun (Yunis) (ə) və Həzrət Zəkəriyyanın (ə) və Həzrət Məryəmin (s) də hekayəsinə işarə edilir. Nəhayət, bu əhvalatları danışdıqdan sonra bu qənaətə gəlir ki, Allah hamını “vahid ümmət” qərar verib. Baxmayaraq ki, bu birlik zamanla müxtəlif yollarla zəifləyib.

“(Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin! Amma (insanlar din barəsində) öz aralarında firqələrə bölünüb parçalandılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar. (Biz də əməllərinin əvəzini layiqincə verəcəyik)” (Ənbiya, 92-93).

Müasir dünyada bəzi insanlar İslamın şüarının “vahi ümmətə çatmaq”, İslamı təbliğ etmək və digər dinləri aradan qaldırmaq olduğunu düşünürlər. Halbuki bütün dinlərin ardıcılları dini ortaqlıqları vurğulamaq və bir-birinin dini inanclarına qarşılıqlı hörmət göstərməklə hər cür təcavüz və bərabərsizlikdən uzaq, bir-birilə dinc bir həyat sürə bilərlər. Amma, bəlli qrupların israfçılığı və hakimiyyətə can atması səbəbindən dinlərin ardıcılları arasında bu birlik formalaşmamışdır. Halbuki, Quranda salehlərin yer üzünün varisləri olduğu, ədalət və bərabərliyin yer üzündə yayılacağı müjdəsi verilir: “Biz Tövratdan sonra Zəburda yazmışdıq ki, yer üzünün varisi Bizim saleh bəndələrimiz olacaq” (Ənbiya, 105).

Oxşar xəbərlər
captcha